İlmə-ilmə toxunduq,
diyar-diyar dolaşdıq
XVII əsrə məxsus xalça sənəti tarixində ana xalça olan sənət nümunəsi
ABŞ-dan Azərbaycana
gətirildi
Dünən Lətif Kərimov
adına Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində
ABŞ-ın Şərq
xalçası və
tekstili üzrə Çikaqo cəmiyyətinin
üzvü Qrover Şiltsin kolleksiyasından
olan iki ədəd qədim Azərbaycan xalçasının
təqdimat mərasimi
keçirildi.
Tədbiri giriş sözü
ilə Mədəniyyət
və Turizm Nazirliyinin mədəniyyət
siyasəti şöbəsinin
müdir Fikrət Babayev açaraq Azərbaycan xalqının
əsrlər boyu yaratdığı maddi-mənəvi
sərvətlərdən danışdı.
O, qeyd etdi ki, xalqın tarixini özündə əks etdirən xalça sənəti nümunələri dünyanın
bir çox məşhur muzeylərində,
şəxsi kolleksiyalarda
və qalereyalarda saxlanılır: "Dövlətimiz
tərəfindən xarici
ölkələrdə saxlanılan
Azərbaycan xalqına
məxsus sərvətlərin
geri qaytarılması
məqsədi ilə müvafiq tədbirlər görür. Bu tədbirlərin
nəticəsi olaraq Amerika vətəndaşı
xanım Beverli Şilts həyat yoldaşı Amerika kolleksiyaçısı, Şərq
xalçası və
tekstili üzrə Çikaqo (ABŞ) cəmiyyətinin
üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd Azərbaycan xalçası - "Əjdahalı"
(Qarabağ, XVII əsrin
sonu) və "Salyan Xiləsi"(Şirvan, XIX əsr) Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə olunub".
F.Babayev bildirdi ki, Azərbaycanın nadir-unikal, qədim tarixə malik XVII əsrə məxsus xalça sənəti tarixində ana xalça olan bu sənət nümunəsi təəssüf ki, bu günə kimi Vətənimizin heç bir muzeyində və kolleksiyasında qeydə alınmamışdır. O, sonrakı dövrlərdə Azərbaycanın müxtəlif məktəblərinə aid - "Qoca", "Xilə Əfşan", "Bəhmənli" və s. özünəməxsus xalça çeşnilərinin yaranmasında və inkişafında əsaslı rol oynayıb. Qarabağın XVII-XVIII əsrlərə aid "Əjdahalı" xalça nümunələri dünyanın bir çox muzeylərində - Vaşinqtonun "Tekstil", Londonun "Viktoriya və Albert", Türkiyənin "Topqapı" və s. muzeylərində mühafizə olunmasına baxmayaraq, onlar Azərbaycan xalçası adı ilə deyil, ümumilikdə "Qafqaz" və yaxud da digər ad altında təqdim olunur; "XVII əsrə aid Qarabağın "Əjdahalı" xalçasının məhz Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə olunması ilə əjdaha kompozisiyalı xalçanın və həmçinin onun çeşnisi əsasında toxunulmuş digər xalçaların Azərbaycan xalçası kimi təsdiqini tapmasında mühüm rol oynayacaq. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsinə səbəb olacaq".
Fikrət Babayev onu da bildirdi ki, qonaqlar Bakıda İçərişəhəri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksini, Karvansarayı, Cümə Məscidini ziyarət edəcəklər. Xalça toxuma prosesi ilə tanış olmaq, xalçaçı-rəssamlar və toxucularla görüş keçirmək məqsədi ilə "Azərxalça" elmi istehsalat birliyində və xalçaçı-rəssam Eldar Mikayılzadənin emalatxanasında görüş keçiriləcək. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Dənizkənarı Milli Parkda inşa olunan yeni əzəmətli "Uçan Xalça" binasının sorağı artıq dünyaya yayılmışdır. Bu möhtəşəm muzey kompleksi ilə tanışlıq qonaqların xahişi ilə turun proqramına salınmışdır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağızadə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" 07.12.2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında 07.02.2005-ci il tarixli Fərmanın 4.1.4 maddəsindəki "Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılması" bəndinə əsasən Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi beynəlxalq aləmdə təbliğat işləri apardığını bildirdi.
O, qeyd etdi ki, Amerika vətəndaşının Azərbaycan mədəniyyətinə, o cümlədən, xalça sənətinə rəğbəti və humanist addımı mədəniyyətlərarası dialoqun bariz nümunəsidir. Həyata keçirilən bu aksiya ölkələr sırasında ilk addımdır.
R.Tağıyeva onu da vurğuladı ki, tədbirin beynəlxalq aləmdə xüsusi əks olunması məqsədi ilə 15 nəfər xarici ölkə (ABŞ, Almaniya, İtaliya) nümayəndəsi, o cümlədən, İtaliyadan ICOC (Şərq Xalçaları üzrə Konfrans) Akademik Komitəsinin sədri Alberto Boralevi, ICOC-un üzvləri Stefano İonesko və Mişel Buddeberq, "CARPET XL" jurnalının redaktoru Tim Steynert, xalça kolleksiyaçıları Cüzeppe Moresçini və Koos de Conq iştirak edirlər.
Təqdimat mərasimində çıxış edən xalçaçı-rəssam Eldar Mikayılzadə, Amerika vətəndaşı xanım Beverli Şilts və başqaları bu əlamətdar gündə Azərbaycan xalça sənətinin tarixinə nəzər salıb, dünya ölkələrində Azərbaycan xalçaçılıq sənətinə olan münasibətdən söz açdılar. Qeyd olundu ki, Azərbaycan xalçaları nadir sənət nümunəsi kimi YUNESKO-nun dünyanın şah əsrlər sırasında yer alması milli sənətimizə verilən qiymətin bariz nümunəsidir.
Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin xanım Beverli Şiltsə ünvanladığı məktub da oxundu. Sonda iştirakçılar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində təşkil olunan sərgi ilə tanış oldular.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2013.- 19 iyun.- S.12.